Məqalələr

Xoşbəxt uşaqlar

12 Fevral

Oxuduğum bir məqalə diqqətimi çəkdi .... 2008-ci ildən başlayaraq Almaniyanın Aaçen-Oberfostbaç məktəbəqədər təhsil məktəblərində uşaqlara "xoşbəxtlik dərsi" keçilir. Məktəbin müdirəsi Mariya Sefer 30 - a yaxın məktəbdə bu dərsin keçirilmə səbəbi kimi günlük stress və ailə üzvlərinin evə gec gəlməsi, hazır yeməklərdən istifadə, gündəlik həyat tərzi haqqında heç bir şey paylaşmadıqlarını söyləyib.

Bəs bizdə necə,bu dərsə ehtiyac varmı? Hər hansı bir valideynə sual ünvanlasaq ki, “Övladınızla bağlı ən önəmli və vacib arzunuz nədir?” Tək cavab: “Onun xoşbəxt olmasını istəyirəm” deyə olar. Bəs uşağın xoşbəxtliyi nədir? Xoşbəxt olması üçün nə etməliyik?

Unutmamaq lazımdır ki, əşyalar uşaqları xoşbəxt etmir,hər şəraiti olan,yüksək yaşayış səviyyəli evlər, telefon, planşet, televizor və o cümlədən bahalı hədiyyələr.. Həmçinin də uşağın hər istədiyini yerinə yetirmək onu xoşbəxt etmir.Səbirli olmaq, hörmət etmək ve empati qurmaq öncə ailə içində öyrədilir.Onlara sizinlə zaman keçirmək, birlikdə film seyr etmək ,ortaq ev işləri ilə məşğul olmaq daha çox xoşbəxtlik verir.

İşimlə əlaqədar olaraq tez-tez “Özümü xoşbəxt hiss etmirəm”, “Mən heç xoşbəxt deyiləm” deyən uşaqlarla rastlaşıram .Və bunun səbəbini düşünürəm.Səbəblər isə fərqlidir-ailədən qaynaqlanan, məktəbdən və ya müəllimdən, ətrafında olan bəzi yaşam faktorlarından və s. Əslində uşaq yaşlarından həyatında ən önəmli nöqtənin təhsil,məktəb və öyrənmə ilə bağlı olduğunu ona qəbul etdirən ailə heç də fərqində olmur ki,gün gələcək “Təhsil hər şeydən önəmlidir” deyilən uşaq sosiallığını itirəcək, insanlardan,yaxın çevrəsindən,qohumlarından uzaqlaşacaq və hər şeydən önəmli karyerasını, hədəflərini tutacaq.Bir gün dönüb geri baxdığında bəlkə də boş və mənasız həyat yaşadığını düşünəcək ki, bu da onu depressiv duruma belə apara bilər. Akademik uğuru həyatda ən böyük xoşbəxtlik sanan və bunu övladına aşılayan əsas səbəbkar valideyndir. Əslində burda ən önəmli bir məsələyə diqqət etmək lazımdır.Özünü xoşbəxt sanan bir uşaq gec ya tez bacarıqlı və xəyallarını həyata keçirən biri olur. Övladlarınızın xoşbəxtliyi üçün nə etməli sualına cavab,birincisi özünüz xoşbəxt olun,çünki stress kimi xoşbəxtlik də yoluxucudur.Daha sonra ünsiyyət qurmağı oyrədin,bu onları boş narahatlıq,təşviş, təlaş kimi hisslərdən uzaq edəcək."Böyüklərin yanında danışmaq olmaz" yox, "İzn alaraq sual verə və suallarına cavab ala bilərsən" demək lazımdır. Mükəmməlliyyətçi deyil anlayış göstərən biri olun.Yaxşı bir nəticə göstərdiyi halda "Niyə əla olmadın" deməyin. Onunla zaman keçirin,oyun oynayın.Yalnız burda bir şeyə diqqət etmək lazımdır ki,uşaqla oyun oynarkən diqqətiniz onda olmalıdır.Telefona cavab vermək və ya başqa bir işlə məşğul olmaq, düşüncəli olmaq, yaxud ruhən başqa yerdə olmaq övladınızda , “O mənimlə oyun oynamaq istəmir” və ya “Mənimlə oynamaqdan xoşu gəlmir” fikri yaradar. Unutmayın, uşaqları şəkilləndirən sizlərsiniz. Xoşbəxtliyi öyrətmək, onların həyatlarını dəyişdirmək siz valideyinlərin əlindədir!

 

Aytəkin Aslan