Məqalələr

"Super analar" üçün məsləhət

12 İyun

Bu yazımda daha aktual bir məsələyə toxunacam. Son illərdə dəbdə olan usağın boş zamanı qalmasın,daha səmərəli vaxt keçirsin,daha erkən inkişaf proqramlarına qatılsın,daha tez xarici dil öyrənsin və saire kimi arzusu olan və bəzən öyrəndiklərini belə izləməyə zamanı olmayan ”Super Analar” bu yazım sizədir. Hətta bəzən yeni ailə quran xanımlar və gələcək analar öz rəfiqələri ilə mən uşağı hər yerə aparacağam - rəqsə də,tennisə də,gimnastikaya da,rəsm kurslarına da.Qoy hərtərəfli inkişaf etsin.Bəli! - doğrudur, uşaq deyildiyi kimi hərtərəfli inkişaf etməlidir,amma hansı yaş aralığında hansı fəaliyyətlərin daha məqsədəuyğun olduğu araşdırılmalıdır. Məsələn xarici dilin 3 yaşdan tez öyrənilməsi məsləhət deyil,çünki doğma ana dilində danışacağı ilk sözləri və məlumatları öyrənmədən,yeni bir xarici dil öyrənməyə başlaması gelecek zamanda fikir ifadə etmə qabiliyyətinin aşağı olmasına gətirib çıxaracaq. Əgər 4 yaşlı bir uşaq artıq danışacağı dildə 2000 söz bilirsə həmin sözlərin xarici dildə qarşılığını öyrənə bilər. Əgər övladınızın eyni zamanda bir neçə fəaliyyətlə məsğul olmasını istəyirsinizsə və doğru qərar verməyə çalışırsınızsa yaxşısı budur bir siyahı tutun:Övladınız fiziki və psixoloji olaraq bunlara hazırdırmı? Və məşğul olacagı fəaliyyətin üstünlükləri ,vaciblik dərəcəsi,ona gətirəcəyi xeyir nə dərəcədədir? Unutmayın! Öncəlik övladınızın sağlamlığıdır! Çox soyuq bir havada qrip və ya digər hər hansı bir virusun epidemiya halında yayıldığı günlərdə 4-5 yaşlı bir uşağın xarici dil kursuna getməsi nə dərəcədə vacibdir? Sağlamlıqla bağlı ikinci narahat olacaq əsas isə bütün bunlara eyni zamanda başlayan uşaqlarda maraq və motivasiya əskikliyi yaxud yorğunluq, həvəssiz təlim və dərslərə getmək nəticə olaraq bəzilərində uğursuzluqlara gətirib çıxarır.Hansı ki, bu zaman uşağın özgüvəni sarsılır ,anasının etimadını doğrultmadığı üçün gizli həyəcan keçirir və daha sonra bu nevrozadək gətirib çıxara bilər .Buna görə uşaqlarla məsləhətləşib ,istədiyi fəaliyyətlərlə istədiyi müddətdə məşğul olmasına izn verin və yaxud getdiyiniz yerdə sınaq müddəti istəyin. Bəlkə gələn il daha həvəslə qatıla bilər. Bəlkədə şahmatı ilk dəfə cox məhşur şahmat müəllimindən öyrənməkdənsə ata və babasından öyrənib daha sonra dərslərə qatılsa ona daha maraqlı olar. Valideyin olaraq siz onların boş dəqiqələrini doğru və zamanında verilmiş qərarlarınizla dəyərləndirin,onlara boş oturub darıxmağa izn verin ki, özləri xəyal gücləri sayəsində bir oyun qursunlar,nə isə yaratsınlar. Yaxşı valideyn olmaq uşağın əlindən tutub bütün günü harasa aparmaqdan ibarət deyil. Siz evdə özünüz onunla oyun qura,şəkil çəkə ,parkda ,küçədə ona nələrsə öyrədə bilərsiniz.Qoyun bir az darıxsınlar...!

                                                                                                          Aytəkin Aslan